Description
Qazma mühəndisliyi çətin bir peşədir. Onun əhatə dairəsi dərsliklərdə verilənlərdən daha genişdir. Son iyirmi ildə texnologiya əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu da öz növbəsində, neft sənayesində neft və qaz yataqlarının əvvəllər mümkün olmayan iqtisadi cəhətdən səmərəli və müvəffəqiyyətli istismarına imkan yaratmışdır.
Qazma mühəndisliyinin əsasını maye və qaz mexanikası, bərk cisimlərin mexanikası və kimyanın elementar elmi prinsipləri təşkil edir. Qazma layihələrinin uğuru qazma mühəndisinin bu işin bütün mühəndis aspektlərini başa düşməsindən və quyunun ən qənaətli rejimlə (şaquli quyular üçün bir futa minimum dollar sərfi ilə, üfüqi/çoxlüli quyularda isə bir futa maksimum hasilat həcmi əldə etməklə) qazmaq üçün lazımı avadanlığı müəyyən etmək qabiliyyətindən asılıdır.
Neft sənayesində qəbul olunmuşdur ki, qazma prosesi zamanı müxtəlif problemlər ortaya çıxa bilər. Bu problemlər də eyni yataqda quyudan-quyuya fərqlənə bilər. Bununla əlaqədar qazma mühəndisi nəzəri biliklərə malik olmaqla yanaşı qarşıya çıxa biləcək problemləri həll etmək qabiliyyətinə malik olmalıdır. O, bu problemləri qabaqcadan görməli, onların həlli yollarını və ən yaxşı variantlarını seçməyi bacarmalıdır. Qazmaçı mühəndis yaxşı intuisiyaya və sağlam düşüncəyə malik olmalı, tez və qəti qərar verməyi bacarmalıdır. Bunları nəzərə alaraq təqdim olunan kitabda müəlliflər, tələbələrin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi istiqamətində, qərarların qəbul olunmasında özlərinə inamın formalaşması və ən başlıcası, düzgün qərar vermək bacarığının inkişaf etdirilməsi məqsədilə bəzi tapşırıqlar vermişlər.
Bu kitab qazma mühəndisliyinin iki yarımillik kursu üçün yazılmış və ümumiyyətlə iki hissədən ibarətdir: “Qazma mühəndisliyi-I” və “Qazma mühəndisliyi-II”. Bu vasitədən sadə mühəndislər də məlumat kitabı kimi istifadə edə bilərlər. “Qazma mühəndisliyi-I” hissəsi aşağıdakı fəsilləri əhatə edir: 1-ci Fəsil – Rotor üsulu ilə neft-qaz quyularının qazılması; 2-ci Fəsil – Qazma məhlulları; 3-cü Fəsil – Rotorlu qazma zamanı dövran sistemində məhlul axını və yaranan təzyiqlər; 4-cü Fəsil – Qazma baltasının hidravlik xüsusiyyətləri; 5-ci Fəsil – Qazılmış süxur hissəciklərinin çıxarılması; 6-cı Fəsil – Quyuda təzahürün qarşısının alınması və nəzarət mexanizmi. “Qazma mühəndisliyi-II” isə bu fəsilləri əhatə edir: 7-ci Fəsil – Maili istiqamətləndirilməsi və üfüqi quyuların qazılması; 8-ci Fəsil – Qazma baltasının mexaniki xassələri; 9-cu Fəsil – Qazma alətinin layihələndirilməsi; 10-cu Fəsil – Qazma problemləri və onların həlli; 11-ci Fəsil – Qoruyucu kəmərlərin və sementlənmənin layihələndirilməsi; 12-ci Fəsil – Qazma texnologiyasında quyuların planlaşdırılması.
Tələbələrə kitabın “Qazma mühəndisliyi-II” kursunu keçərkən mövzudan kənar qeyri-ənənəvi qazma texnologiyalarına dair sahələrin — mənfi təzyiqlər balansı ilə qazma, kiçik diametrli quyuların qazılması, kiçik diametrli elastik borular ilə qazma, qoruyucu kəmər ilə qazma və s. xüsusi tapşırıqlar kimi verilməsi məsləhət görülür.
Reviews
There are no reviews yet.