Description
Azərbaycanın dövlətçilik tarixi hələ antik dövrdən başlayır. Antik Azərbaycan dövlətçiliyini sübut edən amillərdən biri onun ərazisində mövcud olmuş Albaniya (Qafqaz Albaniyası) və Atropatena dövlətlərində zərb edilən yerli sikkələrin aşkar edilməsidir. Azərbaycan ərazisində tapılan ilk pullar Makedoniyalı İsgəndərin (Aleksandrın) dövrünə aiddir. Artıq eramızdan əvvəl III əsrin ikinci yarısından beynəlxalq ticarətə qoşulmuş albanlar və atropatenalılar daxili bazarın ehtiyaclarını ödəmək məqsədilə İsgəndərin gətirilmə sikkələrinə bənzər pullar zərb etməyə başladılar. Bu və sonrakı dövrlərə aid “AT” və “ATR” monoqramlı (numizmatlar bunu Atropat və ya Atropatena kimi oxuyurlar) gümüş dirhəmlər (draxmalar) Azərbaycan, Gürcüstan və Dağıstan ərazilərində geniş aşkar edilmişdir. Alimlər həmin sikkələrin Qəbələdə, Ərdəbildə və başqa yerlərdə olan zərbxanalarda basıldığını güman edirlər. Eyni zamanda Albaniyada isə Selevkilərin gümüş sikkələrinə bənzədilən pulların tədavülü eramızdan əvvəl II-I əsrlərə təsadüf edir.
III əsrin ikinci yarısında Azərbaycan ərazisinin böyük hissəsi Sasani imperiyası tərəfindən işğal olundu. Bununla belə artıq VI-VII əsrlərdə Sasani hökmdarları öz gümüş dirhəmlərini Naxçıvanda zərb etdirirdilər. Lakin həmin dövrdə Sasaniləri məğlub etmiş Ərəb Xilafəti Azərbaycanı da özünə tabe etdi. Xilafət tarixinin ilk dövründə (VII-IX əsrlər) pul tədavülü, xüsusilə qızıl və mis sikkələrin zərbi mərkəzləşdirilmişdi. Eyni zamanda Xilafətin gümüş dirhəmləri Azərbaycanda da zərb edilirdi. Xilafətin zəifləməsi və Səlcuq yürüşləri nəticəsində başlanan feodal parçalanma artıq X əsrdə Azərbaycanda bir sıra faktiki müstəqil olan kiçik dövlətlərin yaranmasına səbəb oldu. Digər hökmdardan vassal asılılıqda olan bu dövlətlərin sikkələrində (adətən gümüş dirhəmlərində) süzerenin adı da göstərilirdi. Belə ki, məsələn, XI əsrdən başlayaraq Şirvanşahların Şamaxıda zərb etdikləri sikkələrin bir üzündə dini başçı olan Abbası xəlifəsi ilə yanaşı, süzeren kimi Səlcuq sultanının, digər üzündə isə Şirvanşahın adları yazılırdı. Buna baxmayaraq sikkələrdə Şirvanşahların adlarının dəbdəbəli ləqəblərlə müşayiət olunması onların iri feodal
dövlətinin məşhur hökmdarı kimi müstəqilliyini göstərir. Analoji olaraq həmin dövrdə Sacilər Bərdədə, Salarilər Ərdəbildə, Şəddadilər Gəncədə, Rəvvadilər isə Təbrizdə öz gümüş dirhəmlərini zərb edirdilər. XII-XIII əsrlərdə Azərbaycan ərazisində Səlcuq və Atabəylər dövlətlərinin də mis dirhəmləri zərb edilirdi. XII əsrdə baş verən monqol yürüşləri nəticəsində Azərbaycan beşinci monqol üsulu hesab edilən Hülakülər (Elxanilər) dövlətinin mərkəzinə çevrildi. Hülakülər dövlətinin gümüş dirhəmləri əsasən Naxçıvanda və Bərdədə zərb edilirdi. Hülakülər dövlətinin timsalında həmin dövrdə sikkə zərbinə Şərqlə Qərbin fərqli münasibəti açıq-aydın görsənir. Məlumdur ki, orta əsrlər dövründə Avropada az qala hər bir feodalın öz sikkəxanası mövcud idi və onlar qısamüddətli mənfəət naminə ümumdövlət maraqlarını qurban verirdilər. Şərqdə isə xütbə oxunuşu mərasimi ilə yanaşı sikkə zərbi də dövlət rəmzi hesab olunurdu. Məhz buna görə də
XIV əsrdə Hülakülər dövləti faktiki olaraq Çobani feodalları tərəfindən idarə edilsə də, sikkə zərbi və xütbə oxunuşu mərasimi onların adından deyil, Hülakü şahzadələri adından həyata keçirilirdi. XIV əsrdə Azərbaycan Hülakülər dövlətini məğlub etmiş Cəlairilər dövlətinin mərkəzinə çevrildi. Cəlairilər öz gümüş dirhəmlərini əsasən Bakıda, Şabranda, Qarqarda və Qaraağacıda zərb edirdilər. XIV əsrin sonunda Azərbaycan ərazisi Qızıl Orda və Teymuri dövlətlərinin biri digərini əvəz edən hücumlarına məruz qaldı. Bununla belə, işğalçılar sikkə zərbinə də xüsusi diqqət yetirməyi unutmurdular. Belə ki, məsələn, 1356-cı ildə Təbrizi çox qısa müddətə işğal etmiş Qızıl Orda xanı Canibəy tez bir zamanda öz adından şəhəri öz ərazisi kimi və müvafiq ili göstərməklə sikkələr zərb etdirmişdi. Lakin son nəticədə XV əsrin əvvəlində bu müharibələrdən qalib kimi Teymurilər və onların vassalı olaraq Azərbaycanı zəbt etmiş Qaraqoyunlular çıxdı.
İlk dövrdə Qaraqoyunlular Astarada Teymuri hökmdarlarının adına gümüş təngələr zərb edirdilər. Bir qədər sonra isə həmin gümüş təngələr artıq özlərini sərbəst hiss edən Qaraqoyunlular hökmdarlarının adına Anadoluda zərb edilirdi. Lakin tezliklə XV əsrin ikinci yarısında Qaraqoyunlular dövlətinin süqutu nəticəsində Ağqoyunlular dövləti yarandı. Ağqoyunlu sultanları da əsasən gümüş təngələr zərb etdirirdilər (məsələn, Ərzincanda). Qeyd etmək lazımdır ki, həmin dövrdə müstəqilliyinin son dövrünü yaşayan Şirvanşahlar da Şamaxıda gümüş təngələr zərb edirdilər.
…..
RS –
Çox maraqlı bir kitabdır. Hər kəsə tövsiyə edirəm.